![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Azərbaycan 2026-cı ildə büdcə gəlirlərini artırmağı və neftdən asılılığı azaltmağı planlaşdırır.
Maliyyə Nazirliyinin açıqladığı ilkin proqnozlara əsasən, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat səviyyəsində gözlənilir. Bu göstərici 2025-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 0,2 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 3,4 faiz çoxdur.
Beynəlxalq təşkilatların proqnozlarına görə, gələn il 1 barel xam neftin qiyməti 50–60 dollar intervalında dəyişəcək. Bununla yanaşı, büdcə gəlirləri strukturunda qeyri-resurs gəlirlərinin payı 57,4 faiz təşkil edəcək ki, bu da ölkəyə neft gəlirləri daxil olandan bəri rekord göstəricidir. Bu artım fiskal diversifikasiya siyasətinin güclənməsindən xəbər verir və Azərbaycanın neftdən asılılığının azalması baxımından mühüm addım hesab olunur.
Gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı da sual doğuran məsələlərdəndir.
Mis.az xəbər verir ki, bu barədə Kredit.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, gələn ilin dövlət büdcəsinin həcmi builki ilə müqayisədə ciddi artım göstərmir:
“Buna görə də növbəti ildə əməkhaqlarında və digər sosial ödənişlərdə əhəmiyyətli artım gözlənilmir. Bununla belə, pensiyaların indeksləşdirilməsi hər il olduğu kimi həyata keçiriləcək. Bu, cari ilin orta aylıq əməkhaqqı artımına əsasən aparılacaq. Lakin minimum əməkhaqqı və digər sosial müavinətlərdə artım baş verəcəyi gözlənilmir”.
Devalvasiya ehtimalları barədə suala cavab verən iqtisadçı qeyd edib ki, hökumət 2029-cu il də daxil olmaqla manat-dollar məzənnəsində dəyişiklik nəzərdə tutmur:
“Vəziyyət dünya bazarlarında enerji resurslarının, xüsusən də neftin qiymətindən asılı olacaq. Əgər neftin qiyməti uzunmüddətli olaraq 50 dollardan aşağı düşərsə, o zaman məzənnə ilə bağlı risklər yarana bilər. Hazırda hökumətin proqnozları sabit valyuta siyasətinə əsaslanır. Ona görə də bu məsələnin növbəti ildə hər hansı bir əmək haqqı, sosial müavinət və digər ödənişlərdə artımla əlaqələndirilməsi qarşıdakı illər üçün nəzərdə tutulan sosial iqtisadi proqnozları fonunda məntiqi deyil. Xatırladım ki, başa çatmaqda olan cari ildə növbəti sosial islahatı paketi çərçivəsində sözügedən artımlar həyata keçirilmişdir. Və sözsüz ki, bunun növbəti illərdə də davamlı xarakter daşıyacağı istisna deyil”.