![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Son günlər insanlar arasında boğaz ağrısı, halsızlıq və hərarət kimi şikayətlər artıb. Bir çoxu özünü xəstə hiss etdiyini bildirir. Lakin bunun qarşısını əvvəlcədən almaq mümkündür.
İnfeksionist həkim Ləman Qalimova Mis.az-a açıqlamasında bildirib ki, bu hallar adətən mövsümi qripin müxtəlif növləri ilə əlaqəli olur. Yəni, söhbət məhz mövsümi qrip xəstəliyindən gedir:
“Hər il həmin mövsümə uyğun olaraq qrip növünə qarşı vaksinasiyalar həyata keçirilir. Şirkətlər yeni mövsüm üçün, yəni müvafiq ilin ştamlarına uyğun şəkildə vaksin tərtib edirlər. Məsələn, hazırda 2025–2026-cı ilin vaksinini vurmaq lazımdır ki, həmin ilin qrip növünə qarşı qorunmaq mümkün olsun”.
Həkim bəzi şəxslərin qripi daha ağır keçirdiyini qeyd edərək, qrip vaksininin vacibiyyətini vurğulayıb:
“Çünki insanın yanaşı xəstəliyi varsa, hamilədirsə, immun çatışmazlığından əziyyət çəkirsə, onkoloji və ya revmatoloji xəstəliyi varsa, yaxud uşaqdırsa, mövsümi qrip daha ağır keçir və bəzən ağırlaşmalar yarada bilər. Zəif immun sisteminə malik pasiyentlərdə isə bu ağırlaşmalar hətta ölümcül nəticələnə bilir. Hazırda ölkəmizə “Sanofi” şirkətinin qrip vaksini gətirilib. Bu, keyfiyyətli və effektiv bir vaksin hesab olunur. Hər kəsə tövsiyə olunur ki, mütləq şəkildə yaxınlıqdakı poliklinikalara müraciət edərək vaksin vurdursunlar ki, il ərzində mövsümi qrip ştamlarına qarşı orqanizmlərində qoruyuculuq yaransın”.
Sevinc İbrahimzadə / Mis.az