![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə 12-ci Zirvə Görüşü keçirilib. Bugünkü görüşdə əsas müzakirə mövzusu təhlükəsizlik məsələləridir”.
Bunu politoloq Əli Mustafa Mis.az-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, hazırkı dövrdə dünyada ən ciddi məsələ məhz təhlükəsizlikdir:
“Hazırda müxtəlif bloklar formalaşır, yeni hərbi doktrinalar qəbul edilir, dövlətlər silahlanır, təşkilatlanır və qruplaşır. Belə bir şəraitdə türk dövlətlərinin bir araya gələrək təhlükəsizlik məsələlərini müzakirə etməsi və bu istiqamətdə mühüm qərarlar qəbul etməsi çox önəmlidir. Düşünürəm ki, toplantıda ümumi təhlükəsizlik məsələləri ilə yanaşı, türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi də gündəmdə olacaq. Xüsusilə təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq vacibdir. Mən hesab edirəm ki, gələcəkdə bu sahədə konfederasiya səviyyəsinə qədər yaxınlaşma mümkündür”.
Ə.Mustafa qeyd edib ki, vahid ordu, ümumi təhlükəsizlik qüvvələri və ortaq təhlükəsizlik konsepsiyasının yaradılması zəruridir:
“Mövcud beynəlxalq vəziyyət də bunu diktə edir. Düşünürəm ki, bu istiqamətdə müəyyən qərarlar qəbul ediləcək və geniş müzakirələr aparılacaq. Bununla yanaşı, digər məsələlərin də toplantının gündəliyində yer alması istisna edilmir”.
Sevinc İbrahimzadə / Mis.az