Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Qarşıdan Qurban bayramı gəlir. Hər il olduğu kimi bu bayram ərəfəsində ətə olan tələbat artır. Bu isə bazarda qiymətlərə birbaşa təsir edir. Maraqlıdır, bu il qiymətlər artacaq, yoxsa sabit qalacaq?
Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli Mis.az-a açıqlamasında bildirib ki, son vaxtlar Azərbaycanda ət qiymətləri onsuz da artıb. Bayram dövrlərində isə tələbin qəfil artması səbəbindən, xüsusilə xırdabuynuzlu heyvanların – qoyun və keçilərin qiymətində müvəqqəti bahalaşma baş verir. Çünki qurbanlıq üçün əsasən məhz bu heyvanlar seçilir.
“Ət qiymətindəki artım əsasən bayram öncəsi və bayram günlərində hiss olunur. Amma bu bahalaşma daimi olmur. Təcrübə göstərir ki, bayramdan bir neçə gün sonra qiymətlər yenidən əvvəlki səviyyəsinə qayıdır. Qurban bayramında əsasən diri heyvanların alqı-satqısı həyata keçirilir. Onların qiymətlərdə 5–7 faiz arası müvəqqəti artım müşahidə oluna bilər”
Ekspert qeyd edib ki, bu dövr eyni zamanda mövsümi xüsusiyyətlərlə də üst-üstə düşür:
“Qarşıdan yaylaq mövsümü gəlir ki, bu zaman xırdabuynuzlu heyvanların çoxu yaylağa gedir. Lakin bəzi fermerlər heyvanlarını hələ yaylağa göndərməyiblər. Bu da onların daha çox sayda heyvanı bazara çıxarmasına səbəb olur. Fermerlər çalışırlar ki, yaylağa göndərmədən əvvəl ehtiyac duymadıqları heyvanları sataraq gəlir əldə etsinlər. Bundan başqa, bayram tələbinin yüksək olması səbəbindən bəzi şirkətlər də xaricdən əlavə heyvan idxal edirlər. Bu amil də bazarda qiymətlərin nisbətən sabit saxlanmasına kömək edir”, - deyə C.İbrahimli söyləyib.
Qeyd edək ki, bu il qurban bayramı iyunun 6 və 7-sinə təsadüf edir.
Sevinc İbrahimzadə / Mis.az