Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir.
Politoloq Elçin Xalidbəyli Mis.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İsrail arasında ən yüksək səviyyədə inkişaf etmiş münasibətlər sistemi mövcuddur. Bu iki dövlət beynəlxalq arenada bir-birinə dəstək verir.
Onun sözlərinə görə, hər iki tərəf mövcud münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Eyni zamanda həm Azərbaycan, həm də İsrail dünyanın müxtəlif regionlarında geopolitik mövqeləri ilə diqqət çəkirlər:
“Bu baxımdan İsrail baş nazirinin Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat heç də gözlənilməz deyil. Buna qədər Azərbaycan rəsmiləri dəfələrlə İsrailə səfər ediblər. Eyni zamanda İsrail rəsmilərinin də Azərbaycana səfərləri olub. Görünür, bu dəfə daha yüksək səviyyəli təmaslara ehtiyac duyulur”.
Hazırda Azərbaycan dövlətinin özünün iki strateji müttəfiqi ilə - həm Türkiyə, həm də İsraillə danışıqlar apardığını vurğulayan E.Xalidbəyli qeyd edib ki, dövlətimiz bu iki ölkə arasındakı qarşıdurmanın aradan qaldırılması üçün vasitəçilik edib:
“Hətta İsrail və Türkiyə rəsmiləri Azərbaycanın vasitəçiliyi ilə Bakı şəhərində bir görüş də keçiriblər. Bu görüşdən sonra münasibətlərin nisbətən yumşaldığına dair məlumatlar da mövcuddur. Böyük ehtimalla baş nazir Benyamin Netanyahunun Bakıya səfəri çərçivəsində Türkiyə-İsrail münasibətləri, Azərbaycan-İsrail əlaqələri, Azərbaycanın Yaxın Şərqdə geosiyasi oyunçuya çevrilməsi perspektivləri, eləcə də iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi məsələləri gündəmdə ola bilər. Ümumilikdə, Azərbaycan və İsrail arasında müzakirə edilə biləcək kifayət qədər mövzular mövcuddur. Bütün bu məsələlərin İsrail baş nazirinin Bakı səfəri zamanı müzakirə olunması isə qətiyyən istisna deyil”.
Sevinc İbrahimzadə / Mis.az