Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək.
İqtisadçı Xalid Kərimli Mis.az-a açıqlamasında güzəştli pensiya hüququna malik vətəndaşlardan danışıb.
O bildirib ki, bu, yalnız müəyyən şərtlər daxilində tətbiq olunur və dövlət büdcəsindən maliyyələşmə həyata keçirilir:
“”Əmək pensiyaları haqqında qanunun 8-ci və 9-cu maddələrində güzəştli şərtlərlə pensiyaya çıxma qaydaları müəyyən edilib. Belə ki, beş və daha artıq uşağı olan istər qadın, istər kişi valideynlər pensiyaya beş il daha tez çıxa bilərlər. Əsas şərt ondan ibarətdir ki, həmin beş uşaq ən azı səkkiz yaşına qədər yaşamış olmalıdır. Bu şərt həm də qəyyumluğa götürülmüş uşaqlara aiddir. Əgər bu şərtlər ödənilərsə, həmin şəxs güzəştli qaydada pensiya hüququ əldə edir”.
X.Kərimli qeyd edib ki, qanunun doqquzuncu maddəsində bir sıra dövlət xidmətlərində çalışan şəxslər üçün də xüsusi güzəştlər nəzərdə tutulur:
“Məsələn, hərbi xidmət, prokurorluq orqanları və digər dövlət orqanlarında müəyyən olunmuş müddət ərzində çalışan şəxslər yaşdan asılı olmayaraq pensiyaya çıxa bilərlər. Məsələn, hərbi xidmətdə 25 və ya prokurorluq, fövqəladə hallar, miqrasiya orqanlarında 35 il çalışan şəxslər yaşından asılı olmayaraq pensiya hüququ əldə edə bilər. Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi zərərli sahələrin siyahısı mövcuddur. Bu siyahıya daxil olan peşələrdə çalışan şəxslər üçün də güzəştli pensiya hüququ nəzərdə tutulub. Bu sahələrdə kişilər ən azı 12 il 6 ay, qadınlar isə 10 il işlədikdə, onlar da güzəştli pensiyaya çıxa bilirlər. Həmin siyahıya metallurgiya, qazıntı və digər ağır iş şəraitində olan sahələr daxildir”.
Sevinc İbrahimzadə / Mis.az