Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Azərbaycan-Çin münasibətlərinin zirvəyə çatması üçün möhkəm hüquqi əsaslar var. Çünki Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəd iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın daha da dərinləşməsi üçün zəmin yaradır”.
Bu fikirləri Mis.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Azərbaycanın Çin üçün çox önəmli olduğunu bildirən politoloq bunu ilk növbədə "Bir kəmər, bir yol" layihəsi ilə əlaqələndirib:
“Sözgedən layihənin həyata keçməsinə bəzi qlobal güclər, xüsusilə də ABŞ əngəl törətməyə çalışır. ABŞ-Çin rəqabəti konteksində bu kimi maneələr olduqca ciddidir. Lakin layihənin gerçəkləşməsində əhəmiyyətli körpü rolunu oynaya biləcək dövlətlərdən biri, bəlkə də birincisi, məhz Azərbaycandır. Çünki Orta Asiya Türk cümhuriyyətlərindən keçən, Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan Gürcüstana, Qara dənizə, Türkiyə və Avropaya çıxışı təmin edən körpü dövlət Azərbaycandır. Bizim bu yöndə çox ciddi inkişaf etmiş infrastrukturlarımız var və bu siyasət davam edir. Gələcək perspektivdə Çindən Avropaya daşınacaq yüklərin həcminin artacağı gözlənilir. Bu baxımdan, mövcud infrastrukturun daha da inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Çin də Azərbaycan üçün əhəmiyyətli bir ölkədir. Birincisi, Çin həm iqtisadi, həm hərbi cəhətdən dünyada mövcud ilk iki qlobal güclərdən biridir”.
N.Miri iki Azərbaycanın Çinlə tərəfdaşlıq edə biləcəyi məsələlərdən də bəhs edib:
“Çinlə texnoloji sahədə əməkdaşlıq da Azərbaycana müxtəlif istiqamətlər üzrə mühüm töhfələr verə bilər. Paralel olaraq əməkdaşlıq nəticəsində nəqliyyat və logistika sahəsində Azərbaycanın gəlirləri də artacaq. Çünki müxtəlif səviyyəli daşımalar birbaşa Azərbaycanın ərazisindən keçəcək. Bundan əlavə, strateji baxımdan əhəmiyyətli olan Zəngəzur dəhlizi məsələsi də diqqət mərkəzindədir. Artıq Çin rəsmiləri bu layihəni dəstəklədiyini açıq şəkildə bəyan edib və bildiriblər ki, Zəngəzur dəhlizinin açılması Çinin geoiqtisadi və geosiyasi maraqları baxımından uyğundur. Buna görə perspektiv böyükdür və bu dövlətlə əməkdaşlığı strateji tərəfdaşlığa çevirə bilmək siyasi məsələdir. Ona görə də Azərbaycan Prezidentinin Çin səfəri çox əhəmiyyətli və önəmli, zaman baxımından da çox mühüm bir səfər idi”.
Politoloqun sözlərinə görə, bu gün dünyada texnoloji cəhətdən ən inkişaf etmiş ölkələrdən biri də Çindir və bu sahədə əməkdaşlıqdan yararlana bilərik:
“Azərbaycan Çindən ciddi investisiyalar cəlb edərək ölkədə müasir texnologiyaların tətbiqini təmin edə bilər. Yəni iqtisadiyyatdan tutmuş hərbiyə qədər - bütün sahələr üzrə əməkdaşlığı zirvəyə daşımaq üçün imkanlar var. Nəticə etibarilə, Çin kimi qlobal və texnoloji baxımdan inkişaf etmiş bir dövlətlə əməkdaşlıq Azərbaycan üçün həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından böyük üstünlüklər vəd edir”.
Sevinc İbrahimzadə / Mis.az