Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Əmək pensiyaları” haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Bu dəyişikliklər ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyyə edildi.
Mis.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
O deyib ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız da güzəştli şərtlər daha tez müavinət almaq imkanına malik olurlar:
"Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir. “Sosial müavinətlər haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar. Eyni zamanda əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də 5 il daha tez təyin olur. Yəni, əgər həmin kateqoriya üzrə qadın bu hüququdan istifadə edirsə, o zaman 59, kişiyə şamil olunursa, o halda 60 yaşında müavinəti ala bilər".
V.Bayramov qeyd edib ki, hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.
Sevinc İbrahimzadə / Mis.az