Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, 28 fevral 2025-ci ildə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ikitərəfli görüş keçiriblər. Görüşdə ABŞ-Ukrayna münasibətləri, Rusiyanın işğalı ilə bağlı vəziyyət və gələcək strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Lakin görüş gərgin keçib və tərəflər arasında fikir ayrılıqları yaranıb. Tramp Zelenskini ABŞ-ni hörmətsizlikdə ittiham edib və onu sülhə hazır olmamaqda günahlandırıb.
Bəs bu görüşdən sonra Ukraynanı nə gözləyir?
Politoloq Xəyal Bəşirov Mis.az-a açıqlamasında bildirib ki, bu gərginlik gözlənilən idi:
"Bundan əvvəl Donald Trampın açıqlamaları, vitse-prezident Ceyms Vensin Münxendə səsləndirdiyi fikirlər, Avropa siyasətini tənqid etməsi, Zelenskini müəyyən məsələlərdə ittiham etməsi, eləcə də Böyük Britaniyanın müdafiə naziri Pik Heksetin Brüsseldə Ukraynanın təhlükəsizliyində iştirak etməyəcəkləri və bir Amerika əsgərinin belə Ukraynaya göndərilməyəcəyi barədə bəyanatları gündəmdə idi. Ən əsası isə Trampın Zelenskini seçkisiz diktator adlandırması, onun ölkədəki reytinqinin dörd faizə düşdüyünü vurğulaması, seçkiyə getməsi üçün ona tələb qoyması və eyni zamanda Ukraynanın ABŞ-dan 300 milyard dollardan artıq yardım alması məsələləri müzakirəyə səbəb olmuşdu. Bütün bunlarla yanaşı, Ukraynadan əlvan metalların istismarı ilə bağlı hüquqi tələbin imzalanması da vəziyyəti daha da gərginləşdirirdi. Nəticə etibarilə, Ağ Evdə baş tutan görüş qarşılıqlı ittihamlar fonunda keçdi. Mən düşünürəm ki, bu görüşün Ukraynaya mənfi təsir göstərə biləcəyi ehtimalını da nəzərə almaq olar".
Politoloq Zelenskinin Londona gedərək Böyük Britaniyanın ev sahibliyi etdiyi "Gələcəyimizin Təhlükəsizliyi" adlı bir görüş keçirməsindən danışıb:
“Avropa ölkələri burada iştirak etdilər və əslində, bu görüşün əsas məqsədi Volodimir Zelenskinin getdiyi səfərdən nəticəsiz qayıtması ilə bağlı idi. Avropada hər kəs çox yaxşı anlayırdı, biz də bunu bilirik və məhz Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emanuel Makron Ukrayna başçısından əvvəl Donald Trampla görüş keçirmişdilər. Onlar da çox yaxşı anlayırdılar ki, Donald Tramp həmin sənədi imzalamayacaq. Daha doğrusu, Donald Trampın təklif etdiyi o sənəd orada imzalanmayacaq. Çünki Zelenski ilə görüşün o məcrada, o ab-havasında keçməsi sənədin imzalanmasını istisna edirdi. Sadəcə olaraq Zelenskinin ora göndərilməsi, sonra bu görüşün keçirilməsi lazımdı. Burada əsas məqsəd nə idi? Volodimir Zelenskiyə görə narahat olmaq, yoxsa Ukraynaya görə? Düşünürəm ki, Avropa və Avropaya rəhbərlik edən bəzi dövlətlər açıq şəkildə deyək, Böyük Britaniya və Fransa, Zelenski ilə Rusiya arasında imzalanacaq razılaşma prosesindən kənarda qalmaq istəmirlər, bu prosesdən sonra Ukrayna ilə bağlı ABŞ-nin hədəfində olan gəlirlərdən bəhrələnmək istəyirlər”.
X.Bəşirov hesab edir ki, bundan sonrakı görüşlərdə həmin sənəd imzalanacaq:
“Artıq Avropada çox yaxşı anlayırlar və qəbul edirlər ki, ABŞ həmin sənədi imzalamalıdır. Çünki ABŞ prezidenti Donald Trampın silahların verilməsi ilə bağlı prosesin dayandırılması tələbindən sonra hesab edirəm ki, Ukraynada müharibənin müqəddəratı müəyyən olunacaq. Bunu Avropa, NATO istəmir, çünki bu, artıq Avropanın məğlubiyyəti demək olacaq. Bu, Rusiya qarşısında Avropanın məğlubiyyəti deməkdir və düşünürəm ki, onlar "Biz Ukraynaya dəstək olacağıq”, “Biz Ukraynaya dəstəyi dayandırmayacağıq" vədləri arxasında, təxminən 2-3 milyard dollarlıq kredit əldə edəcək və bu kredit Rusiyanın dondurulmuş vəsaitlərinin gəlirləri hesabına ödəniləcək. Yəni, Avropa bu gün Ukraynaya dəstəyi bu şəkildə göstərə bilər. Vədlər var, amma söhbət silah yardımı və maddi yardımdan gedirsə, Avropa bu yardımları etmək təşəbbüsündə deyil. Hətta belə deyə bilərik ki, Avropa belə bir fikirdə deyil. Niyə? Çünki Avropada insanların da buna qarşı reaksiyası zamanla formalaşacaq və bu, ciddi gərginlik yaradacaq. Avropa vətəndaşları öz vergiləri hesabına formalaşmış dövlət büdcələrindən Ukraynaya Rusiya ilə müharibədə yardım göndərmək istəmirlər ki, bu müharibənin nəticəsi bilinmir. Bu müharibənin bitməsi ilə bağlı heç bir proqnoz yoxdur, üç il davam edib, 30 il də davam edə bilər. Avropada belə 30 illik və 100 illik müharibələr olub və bu müharibə əslində Avropanın tükənməsinə gətirib çıxara bilər”.
Siyasətçi qeyd edib ki, ABŞ ilə Ukrayna arasında sənəd imzalanandan sonra Ukrayna ilə Rusiya arasında atəşkəs elan ediləcək, növbəti mərhələdə digər sənədlər imzalanacaq:
“Düşünürəm ki, bu, Avropa qarşısında ciddi problemlər yaradacaq. Avropa öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ortaya qoyacaq. Əgər Avropaya gələcəkdə Rusiya və ya hər hansı bir ölkə tərəfindən hər hansı bir hücum olarsa, onların təhlükəsizliyinin ABŞ-dən asılı olmasının mənfi nəticələrini görəcəklər. Həmçinin düşünürəm ki, Avropa Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməli olacaq, çünki Rusiya ilə həmişə qarşıdurmada olmaq Avropanın inkişafını zəiflədir. Bunu artıq Avropa dövlətləri anlayır və bu, həm də Avropanı Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətə gətirir, necə ki, Ukrayna müharibəsi bunu göstərdi. Ona görə də fikrimcə, bu, Avropanın gələcək siyasətində ciddi dəyişikliklərə səbəb olacaq. Hazırkı mərhələdə isə hələ ki Volodimir Zelenski və Donald Tramp münasibətlərinin normallaşması və daha sonra Putin-Zelenski münasibətlərinin normallaşması baş verə bilər. Ən azından bu, tam normallaşmasa belə, atəşkəsin əldə edilməsi səviyyəsində normallaşma ola bilər”.
Sevinc İbrahimzadə / Mis.az